Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada barama tədarükünə başlanılıb

29 may 2017 | 16:00

Respublikamızda ilk olaraq mayın 29-da Zaqatala rayonunda istehsalçılardan barama tədarükünə başlanılıb.
Zaqatala barama toxumu zavodunun həyətində təşkil edilən tədarük prosesində rayon rəhbərliyi, “Şəki-İpək” ASC-nin tədarük üzrə mütəxəssisləri, kümçülər iştirak ediblər.
Barama istehsalçıları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində qısa müddət ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Zaqatala rayonunda baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var. Mövcud potensialdan səmərəli istifadə etməklə ailələr öz gəlirlərini xeyli artıra bilərlər.
Cari mövsümdə kümçülərə 420 qutu ipəkqurdu paylanılıb. İki yüzədək ailə barama istehsalı ilə məşğul olub. Bu il rayonda barama istehsalının 21 tona çatdırılması nəzərdə tutulur. Ötən il isə bu göstərici 6 ton təşkil edib.
Barama tədarükü ilə əlaqədar müəssisə tərəfindən bütün zəruri hazırlıq işləri görülüb. Bu il respublika üzrə 250-300 tonadək yaş barama istehsalı gözlənilir. Kümçülərə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 9 manat ödəniləcək.
Ümumiyyətlə, Zaqatala rayonu üzrə barama tədarükünün ilk günündə istehsalçılardan 404 kiloqram yaş barama qəbul olunub. Tədarük edilən barama “Şəki-İpək” ASC tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə müəssisəyə yola salınıb.

Keçidlər