Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir

26 may 2017 | 16:00

Ölkəmizin çoxəsrlik inkişaf tarixinin, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan işlər görüb, Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaradıb. Bu fikirlər 28 May – Respublika Günü münasibətilə mayın 26-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Şərəfli istiqlal yolu” adlanan elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək 99 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq arzusuna qovuşduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xalq Cümhuriyyəti xüsusilə dövlət quruculuğuna verdiyi mühüm töhfələrlə yadda qalıb.
Qeyd olunub ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük təzyiqlərə məruz qalıb, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən işğal edilib. Ölkəmizin, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalq ayağa qalxaraq öz xilaskarını – ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirib. Məhz Ulu Öndərin böyük dühası, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub.
Çıxış edənlər dahi rəhbərin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.

Keçidlər