Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Zaqatala rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər

27 may 2017 | 16:00

Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının təcəssümünün, onun iradəsinin ifadəsi kimi, tarixi zərurətdən yaranan bir partiyadır. Bu partiya ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapıb, onun müdrik şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənib, ölkəmizin ictimai-siyasi həyatında mühüm mövqe tutub. Yarandığı gündən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi sahədə çox mühüm işlər görüb, cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının mayın 27-də keçirilən IX konfransında hesabat məruzəsində səsləndirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda təşkilatın sədri Habil Qurbanovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövrdəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub. Qeyd olunub ki, yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. YAP Zaqatala rayon təşkilatının sıralarının ildən-ilə genişləndiyini bildirən H.Qurbanov təşkilatın üzvlərinin ictimai-siyasi həyatda fəallıq nümayiş etdirdiklərini vurğulayıb. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, həmçinin rayon təşkilatının fəalları çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar. Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində onun yaradıcısı, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, Ulu Öndərin siyasi xəttinin hazırda partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Konfransda təşkilati məsələyə də baxılıb, Habil Qurbanov yenidən YAP Zaqatala rayon təşkilatının sədri seçilib.

Keçidlər