Zaqatalada uzunömürlü və nümunəvi ailələr mükafatlandırılıblar
Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Tarixin hər bir mərhələsində, min illər ərzində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Bütün xalqlar ailəyə həmişə yüksək münasibət bəsləyib. Azərbaycan xalqı isə ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən uca tutub. Bu fikir Beynəlxalq Ailə Günü münasibətilə mayın 15-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirdə çıxış edərək, cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışıb. Vurğulanıb ki, qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır. Həyat yoldaşı ilə 57 il birgə ömür sürmüş Həmid Yekibaşov ailə dəyərlərinin müqəddəsliyindən danışaraq, gənc ailələrə tövsiyələrini verib. Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən uzunömürlü və nümunəvi ailələrə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.