Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala müəllimləri peşə bayramlarını qeyd etmişlər

06 oktyabr 2012 | 15:00

Zaqatala müəllimləri öz peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu, heç də təsadüfi deyildir. Onların yetirmələri ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərmiş, 284 nəfər gənc tələbə adını qazanmışdır. Məzunlardan 30 nəfəri 500-dən, 12-si isə 600 baldan yuxarı nəticə göstərmişdir. Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbi “İlin məktəbi”, Səadət Dibirova “İlin müəllimi” respublika müsabiqələrinin qalibi olmuş, həmin məktəbin direktoru Mehnurə İsmayılova isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Ümumiyyətlə, son illər müəllimlərdən 6 nəfəri “Əməkdar Müəllim” fəxri adına, 5 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşlər.
Bu fikirlər 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Zaqatala şəhərində keçirilən bayram tədbirində səsləndirilmişdir. Rayon rəhbərliyinin, qabaqcıl müəllimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə qeyd olunmuşdur ki, oktyabrın 5-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Müəllimlər Günü kimi geniş qeyd olunur.
Çıxış edənlər gənc nəslin təlim-tərbiyəsi işində müəllimlərin əməyini çox yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin bəhrəsidir.
Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda qabaqcıl müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər