Şriftin ölçüsü :

Saytın rəngi :

Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq Zaqatala məktəblilərinin ürəyincə olacaq

16 mart 2017 | 16:00

Dövlətimizin başçısının təşəbbüsü və tövsiyəsi ilə artıq dördüncü ildir ki, təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.

Martın 16-da səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında qələbəlik idi. Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün meydana toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə məsləhətlər verir, bu xeyirxah aksiyadan maksimum səviyyədə faydalanmağı tövsiyə edirdilər.

Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, “Ölkəmizi tanıyaq” tur-aksiyasının yeniyetmə və gənclərin vətənpərvərlik və tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşlərinin zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, dörd ildir uğurla davam edən bu layihə məktəblilərin ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri daha dərindən öyrənmələri baxımından mühüm əhəmiyyətə malikdir.

Valideynlər adından çıxış edən Şəhla Şabanova ekskursiyanın məktəblilər üçün faydalı olacağına, tur-aksiya iştirakçılarının qərb bölgəsindən, qədim Gəncə diyarından zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.

Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Səyyad Yusifli çıxış edərək, Vətənimizin dilbər guşələrinə səyahət etməyin hər bir gəncin arzusu olduğunu vurğulayıb, onlara belə dəyərli layihə hədiyyə etdiyinə görə Zaqatala məktəbliləri adından təşkilatçılara minnətdarlığını bildirib.

Yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.

Meydanın mərkəzində “Yallı” rəqsini ifa edən məktəblilər daha sonra onlar üçün ayrılmış avtobusa əyləşərək, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.

Keçidlər