Zaqatalanın zəlzələdən zərər çəkmiş kəndlərində daha iki məktəb binası istifadəyə verilmişdir
Oktyabrın 5-də Zaqatala rayonunun Danaçı və Aşağı Tala kəndlərində bu ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən inşa edilmiş yeni binaların açılış mərasimləri keçirilmişdir. Mərasimlərdə rayon rəhbərliyi, FHN-in məsul nümayəndələri, tikinti təşkilatlarının rəhbərləri, habelə məktəb kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Danaçı kənd 4 nömrəli ibtidai məktəbin 50 şagird yerlik yeni binasının açılış mərasimində qeyd olunmuşdur ki, şimal-qərb bölgəsində mayın 7-də baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evləri ilə yanaşı, bir çox sosial obyektlər, o cümlədən məktəb binaları ciddi zərər görmüşdür. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq fəlakət bölgəsində qəzalı vəziyyətə düşmüş bütün məktəb binaları qısa müddətdə sökülmüş, həmin ərazilərdə yüksək standartlara uyğun, güclü zəlzələlərə davamlı yeni binaların tikintisinə başlanılmışdır.
Diqqətə çatdırılmışdır ki, müvafiq komissiyaların rəyinə əsasən, Zaqatala rayonunun şəhər və kəndlərində 21 məktəb binası, habelə Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni bina tikilir. Bu məktəblərdən ikisi sentyabrda istifadəyə verilmişdir. Daha 2 məktəb bu gün istifadəyə veriləcəkdir. Digərlərinin tikintisi isə hazırda davam etdirilir. Bundan əlavə, FHN tərəfindən rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 3 mindən artıq fərdi yaşayış evi də inşa olunur. Mərasimdə çıxış edən ziyalılar, müəllim və valideynlər əlamətdar bir gündə - Beynəlxalq Müəllimlər Günündə istifadəyə verilən yeni məktəb binasının kollektivə, müəllimlərə əsl bayram hədiyyəsi olduğunu bildirmiş, belə bir dəyərli hədiyyəyə, eyni zamanda, təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Müasir standartlara uyğun inşa edilən birmərtəbəli binada tədris prosesi üçün hər cür şərait yaradılmış, məktəb yeni inventar və avadanlıqla təchiz olunmuş, həyət abadlaşdırılmışdır. Daha sonra rayon rəhbərliyi və FHN-in nümayəndələri Aşağı Tala kəndində 5 nömrəli tam orta məktəb üçün inşa edilmiş 360 şagird yerlik yeni məktəb binasının əsas tədris korpusunun açılış mərasimində iştirak etmişlər.