Altı rayonun məktəbliləri Zaqataladan zəngin təəssüratlarla ayrılıblar
Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 127 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi yaşayır.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. İkimərtəbəli binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir.
Bildirilib ki, Mərkəzin istifadəyə verilməsi rayon gənclərinin ilkin peşə vərdişlərinə yiyələnmələrində və asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayır.
Tur-aksiya iştirakçıları dərnək otaqlarını gəzib, rəqs dərnəyi üzvlərinin ifasında milli rəqslərimizə tamaşa ediblər.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən və ümumi sahəsi 11,5 hektar olan Zaqatala qalasının ərazisində yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Diqqətə çatdırılıb ki, qala divarlarının ümumi uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli abidə var.
Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyətindən bəhs edən “Yenilməz batalyon” filmi məhz bu tarixi məkanda çəkilib.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət edib, Ulu Öndərin parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Məlumat verilib ki, 1947-ci ildə salınan, ümumi ərazisi 13 hektar olan park zaqatalalıların və rayona gələn qonaqların ən sevimli istirahət məkanlarından biridir.
Tur-aksiya iştirakçıları daha sonra “Qala düzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılıb, memorial kompleks tikilib.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat saxlanılır.
Zaqatala rayonuna səfərləri çərçivəsində məktəblilər rayonun Əliabad qəsəbəsində fəaliyyət göstərən fındıq emalı müəssisəsində də olublar.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.