Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib

21 fevral 2017 | 16:00

Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı ilə bağlı verdiyi tapşırıqlar uğurla icra olunur. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq sahələrinin inkişaf etdirilməsi, xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır.

Bu fikirlər fevralın 21-də Zaqatala şəhərində keçirilən “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Şəki-Zaqatala bölgəsi rayonlarının, həmçinin İsmayıllı, Goranboy, İmişli, Lerik, Masallı, Qazax və Tovuz rayonlarından olan torpaq mülkiyyətçiləri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, 1988-ci ildə rayonda 3324 hektar sahədə tütün becərilirdi. Həmin vaxtlar rayonda 11 min tondan çox quru tütün istehsal edilirdi. Bu sahədə bir müddət tənəzzül yaransa da, hazırda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ötən il rayonda 601,5 hektar sahədə tütün əkilib. Bu il isə tütün əkini sahələrinin 700 hektara çatdırılması nəzərdə tutulur.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxışında tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivlərindən ətraflı bəhs edib.

Konfransda, həmçinin “Respublikada tütünçülüyün iqtisadi və aqrotexniki əhəmiyyəti”, “Tütün bitkisinin becərilmə texnologiyası”, “Azərbaycanda tütünün seleksiyası və toxumçuluğun təşkili”, “Tütün bitkisinin xəstəlik və zərərvericiləri”, “Azərbaycanda tütün istehsalı və emalında yeni texnologiyaların tətbiqi” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.

Sonda tütünçülüklə məşğul olan fermerlərin sualları cavablandırılıb.

Keçidlər