Zaqatalada Bəhmətli kənd tam orta məktəbi binasının təməli qoyulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatala rayonunun Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək şəhid Ələddin Cavadov adına tam orta məktəb üçün yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir. Əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Azərbaycan Prezidenti yeni məktəb binasının gələcək görüntülərini əks etdirən stendə və layihə sxeminə baxdı. Bildirildi ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbi də qəzalı vəziyyətə düşmüşdür. Buna görə də kənddə yeni məktəb binasının tikintisi qərara alınmışdır. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcəkdir. Diqqətə çatdırıldı ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı məktəbin təməlini qoydu.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi. Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət etdi. Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür etdilər.