Şriftin ölçüsü :

Saytın rəngi :

Kütləvi tibbi müayinələrə 76 minə yaxın Zaqatala sakini cəlb olunacaq

18 fevral 2017 | 16:00

Azərbaycanda insanların sağlamlığının qorunması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq artıq dördüncü ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir.

Fevralın 15-də başlanan növbəti tibbi müayinələr Zaqatala əhalisi tərəfindən böyük razılıqla qarşılanıb. İnsanlar həvəslə tibb ocaqlarına üz tutur, hərtərəfli müayinə olunurlar. Mayın 15-dək davam edəcək aksiya çərçivəsində Zaqatala rayonu üzrə 18 yaşdan yuxarı 76 min nəfərə yaxın sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur.

Müayinələr rayonun 5 tibb müəssisəsində - Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə peşəkar həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin xəstəxanalara gələ bilməyən xəstə və yaşlı insanlara evlərində xidmət göstərir.

3 gün ərzində 2507 nəfər rayon sakini tibbi müayinədən keçib. Onların 199 nəfərinə ambulator müayinə təyin edilib, 2 nəfər isə stasionar müalicəyə cəlb olunub. Müayinə olunanlar arasında ürək-damar, qan təzyiqi, həmçinin mövsümlə əlaqədar kəskin respirator və infeksion xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər.

Müayinədən keçən insanlar onlar üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, belə aksiyaların davamlı olmasını arzulayıblar.

Keçidlər