Prezident İlham Əliyev Zaqatalanın Gözbarax kənd sakini üçün yeni tikilmiş fərdi evdə olmuşdur
Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Zaqatala rayonunun Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evdə olmuşdur. Mayın 7-də baş vermiş zəlzələ zamanı bu ailənin də evi dağılmışdı. Mayın 9-da Azərbaycan Prezidenti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bölgəyə səfər edərkən bu ailənin üzvləri ilə də görüşmüşdü. Dövlətimizin başçısına məlumat verildi ki, evin əvvəlki sahəsi 170 kvadratmetr olmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni evin ümumi sahəsi 240 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilmişdir. Lazımi avadanlıqla təchiz olunmuş, 9 bal gücündə zəlzələyə davamlı yeni evdə dörd nəfərdən ibarət ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Həyətyanı sahəyə hasar çəkilmiş, asfalt salınmışdır. Yeni ev elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmuşdur. Burada dövlətimizin başçısına məlumat verildi ki, kənddə qəzalı vəziyyətdə olan evlər qeydiyyata alınmışdır və müvafiq tədbirlər görülür. Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu, görülmüş işləri yüksək qiymətləndirdi. Ev sahibi Mahir Soltanov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.