Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb

16 yanvar 2017 | 16:00

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın “Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb.

Nəfis şəkildə çap olunan kitabın redaktoru və “Ön söz”ün müəllifi akademiyanın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızıdır.

Kitabda 1996-2016-cı illərdə Zaqatala bölgəsindən, xüsusilə də Qımır, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad, Muğanlı, Yengiyan, Car, Mamrıx, Zəyəm, Bəhmədli kəndlərindən toplanmış mövsüm-mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar əksini tapıb.

Nəşrə daxil edilən janrlar içərisində lətifələr xüsusilə seçilir. Azərbaycanda hər bir bölgənin tanınmış lətifə ustadı – Şəkidə Hacı dayı, Qarabağda Abdal Talıb və başqaları olub ki, Zaqatalanın Yuxarı Çardaxlar kəndinin sakini Hudul kişini də bu bölgənin Hacı dayıya bərabər lətifəbazı adlandıra bilərik. “Bilet hələ cibimdədir”, “Atasına tapşıraram”, “Can qardaş, sən turpax yolla get” və digər lətifələr onun adı ilə bağlıdır.

Kitaba bölgə ərazisində yaşayıb-yaradan aşıq və el şairlərimizin şeirləri, deyişmələri və “Aleybadlı Aşıq Hüseyn”, “Bəhrinazla Aşıq Mədət”, “Tale ilə Aşıq Mədət” kimi dastanları da daxil edilib.

Keçidlər