Zaqatalanın Aşağı Tala kəndində yeni tibb məntəqəsi tikiləcək
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Zaqatala rayonunda sayca səkkizinci layihənin icrasına start verilib. Layihə çərçivəsində rayonun Aşağı Tala kəndində inşa ediləcək yeni tibb məntəqəsi kənd sakinlərinə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaq.
Yanvarın 23-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Aşağı Tala kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib.
Mərasimdən əvvəl yaponiyalı diplomat Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub.
İmzalanma mərasimində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 10 ilə yaxındır uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, ötən müddət ərzində qrant yardımı proqramı çərçivəsində Zaqatala rayonunda ümumi dəyəri 711 min 813 ABŞ dolları olan 7 layihə reallaşıb. Bu layihələr məktəb tikintisi, tibb, ekologiya və su təchizatı sahələrini əhatə edib.
Zaqatala rayonuna növbəti səfərindən məmnunluğunu bildirən səfir Tsuquo Takahaşi Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını deyib. Qeyd olunub ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 18 milyon 121 min ABŞ dolları olan 212 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri, “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov layihə üzrə qrant müqaviləsini imzalayıblar.
Qeyd edək ki, Yaponiya hökumətinin bu layihə üçün ayırdığı qrant yardımının ümumi məbləği 83 min 197 ABŞ dolları təşkil edir. Layihə üzrə işlərin yaxın aylarda tamamlanması nəzərdə tutulur.