Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqillik illəri: Zaqatala yeni inkişaf dövrünü yaşayır

01 yanvar 2017 | 16:00

Müstəqilliyimizin bərpa olunmasından ötən 25 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək, nəinki regionun lider dövlətinə çevrilib, eyni zamanda, dünya miqyasında böyük nüfuz qazanıb, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınıb.

Ötən illərdə Azərbaycanın əldə etdiyi uğurlar bir daha sübut edir ki, ölkəmizdə inkişafın strateji istiqamətləri düzgün müəyyənləşdirilib. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində son illər xalqımızın həyat səviyyəsi daha da yüksəlib, ölkə vətəndaşlarının firavan yaşayışı təmin olunub.

Bu iqtisadi yüksəliş regionların sosial-iqtisadi inkişafında xüsusilə qabarıq şəkildə özünü göstərir. Müstəqillik illərində regionların sürətli inkişafını Zaqatala rayonunun timsalında aydın görmək olar. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Zaqatala rayonunun da iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına səbəb olub. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2003-2015-ci illərdə rayonda ümumi məhsul buraxılışının həcmi 5,5 dəfə artaraq, 44,8 milyon manatdan 248,9 milyon manata çatıb. Bu illər ərzində rayonda sənaye məhsulu istehsalı 40,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,4 dəfə, əsas kapitala yönəldilən vəsait 14,2 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 22,4 dəfə artıb. 2003-2015-ci illərdə və 2016-cı ilin 9 ayı ərzində rayonda 15385-i daimi olmaqla, 21 mindən çox yeni iş yeri açılıb.

Bu illər ərzində rayonda Beynəlxalq Hava Limanı, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, 3500 yerlik stadion, Qarabağ müharibəsi və şəhid ailələri üçün 64 mənzilli iki yaşayış binası, xeyli sayda fərdi ev, 4 mehmanxana, yeni avtovağzal binası, məişət tullantılarının idarə edilməsi üçün poliqon, həmçinin tütün və süd emalı zavodları, tütün qəbulu məntəqəsi, quş əti və fındıq emalı müəssisələri, fındıq məmulatları istehsalı sexi, soyuducu anbar kompleksi və onlarla emalyönümlü digər müəssisələr tikilib istifadəyə verilib. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi salınıb.

Müstəqillik illərində Zaqatala rayonunda infrastrukturun bərpası, elektrik enerjisi, təbii qaz və su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Tala çayı üzərində 172 metr uzunluğunda asma körpü, eləcə də Tala-Meşleş avtomobil yolu, Car kəndində Bəkməz, Muxax çayları üzərində körpülər inşa edilib və ya bərpa olunub. Onlarla kilometr uzunluğunda kəndlərarası avtomobil yollarına asfalt örtük döşənib. Rayon mərkəzi də daxil olmaqla, 29 yaşayış məntəqəsi qazlaşdırılıb, şəhərin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub.

Bu illər ərzində Zaqatalada təhsilin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilib. 2004-2016-cı illərdə rayonda 14 min 160 şagird yerlik 44 yeni məktəb binası tikilib istifadəyə verilib, 4 min 585 şagird yerlik 10 məktəb binası isə əsaslı təmir olunub. 2012-ci ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonda qəzalı vəziyyətə düşmüş 20-dən artıq məktəb üçün yeni binalar tikilib istifadəyə verilib.

Prezident İlham Əliyev 2006-2015-ci illərdə Zaqatala rayonuna 7 dəfə səfər edib, yeni tikilən obyektlərin açılışına qatılıb, görülən işlərlə maraqlanıb. Rayon ictimaiyyəti nümayəndələri ilə görüşlərində dövlətimizin başçısı Zaqatalanı Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri kimi səciyyələndirib.

Hazırda Zaqatala rayonu yeni inkişaf dövrünü yaşayır. Rayonda ənənəvi sahələrin, o cümlədən fındıqçılığın, tütünçülüyün, baramaçılığın, gülçülüyün inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Zaqatalalılar müstəqil Azərbaycanın daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini vermək üçün bütün qüvvələri səfərbər ediblər.

Zaqatala, 31 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Keçidlər