Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

10 sentyabr 2012 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin ədəbiyyat fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır.
Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil ocağında biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün emalatxanalar yaradılmışdır. Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilmişdir. Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldu.

 

Keçidlər