Zaqatalada dövlət bayramları qeyd olundu
Dünyada azad yaşayan hər bir xalqın tarixində onun varlığını bildirən müqəddəs günlər var. 9 Noyabr – Dövlət Bayrağı, 12 Noyabr – Konstitusiya və 17 Noyabr – Milli Dirçəliş günləri də tariximizin məhz belə şərəfli günlərindəndir.
Bu fikirlər əlamətdar bayramlar münasibətilə noyabrın 10-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
“Müstəqilliyimiz sərvətimizdir” mövzusunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ictimaiyyət nümayəndələrini əlamətdar bayramlar münasibətilə təbrik edib, müstəqillik illərində ölkəmizin qazandığı uğurlardan söz açıb. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Qeyd olunub ki, ilk milli Konstitusiyanın qəbulundan ötən 21 il ərzində Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, ölkəmizdə bəşəri və milli dəyərlər qorunub saxlanılaraq inkişaf etdirilib, demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu öz inkişafının ən yüksək dövrünə çatıb. Bu gün dinindən, dilindən və irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları qardaşlıq, dostluq şəraitində yaşayır, respublikamızın inkişafına töhfələrini verirlər.
Bildirilib ki, 1988-ci ilin noyabr hadisələri xalqımızın milli azadlıq hərəkatında mühüm mərhələ kimi qiymətləndirilir. 17 noyabrdan başlanan hadisələr xalqımızın tarixinə milli şüurun oyanışı və dirçəlişi kimi daxil olub.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri verilib, dövlət bayrağına həsr olunan film nümayiş etdirilib.