Kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır.
Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi: “Ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır... Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var”.
Xarici bazarlarda fındığa olan yüksək tələbat, məhsulun dəyərli olması, həmçinin nəqliyyata və uzun müddət saxlanılmağa davamlılığı son dövrlər əhalidə bu sahəyə marağı xeyli artırıb. Rəsmi məlumata görə, torpaq islahatları zamanı rayonda cəmi 5408 hektar fındıq bağı var idisə, islahatdan sonrakı dövrlərdə əhali tərəfindən pay torpaqlarında 4167 hektar sahədə yeni fındıq bağları salınıb.
Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardır. Bu bağların 8 min 665 hektarı barverəndir. Təkcə cari ilin ötən dövründə rayonda 257 hektar sahədə yeni fındıq bağları salınıb. 2015-ci ildə mövcud fındıq bağlarından 9 min tondan çox məhsul götürülüb. Ötən il rayonda sənaye sahəsi üzrə ümumi məhsul buraxılışının 80 faizə qədərini və ya 43 milyon manatını fındıq ləpəsi və ondan istehsal olunan məhsulların satışından gələn gəlirlər təşkil edib.