Beynəlxalq Ahıllar Günü Zaqatalada geniş qeyd olunub
1 oktyabr - Beynəlxalq Ahıllar Günü bölgələrdə geniş qeyd olunub.
Bu münasibətlə Zaqatalada keçirilən tədbirdə ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və sağlamlıqlarının qorunması istiqamətində reallaşdırılan davamlı tədbirlər, pensiyaların məbləğinin ilbəil artırılması bu təbəqədən olan insanlara göstərilən dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə ahıl vətəndaşlara göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, 1992-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. 1993-cü ildən bu bayramın Azərbaycanda da geniş qeyd edildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda şöbənin xidmətində olan ahıllara ərzaq yardımı göstərilib.