Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid ailəsi və birinci qrup əlil üçün yeni evlər tikilib

18 oktyabr 2016 | 16:00

Bu il aprelin əvvəlində qoşunların təmas xəttində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan şəhid Rəvan Nurayevin ailəsi üçün onun doğulduğu Zaqatala rayonunun Muxax kəndində yeni ev tikilərək ailəsinə təqdim edilib. Bu münasibətlə oktyabrın 18-də Muxax kəndində tədbir keçirilib.

Rayon rəhbərliyinin, şəhidin yaxınlarının, ictimaiyyət nümayəndələri və kənd sakinlərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı şəhid olan igid həmvətənlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirib. Qeyd olunub ki, şəhidin ailəsinə yeni mənzilin açarlarının məhz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü günündə təqdim edilməsi həm də rəmzi məna daşıyır.

Vurğulanıb ki, şəhidin ən böyük arzusu ailəsi üçün yeni ev tikmək olub. Artıq Rəvanın bu arzusu gerçəkləşib və ailəsi yeni mənzillə təmin edilib.

Şəhidin anası Havva Nəbiyeva çıxış edərək, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra mənzilin açarları ev sahibinə təqdim edilib.

Şəhidin ailə üzvlərinin yaşadığı əvvəlki ev yaşayış üçün yararsız vəziyyətdə idi. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına inşa edilən 3 otaqlı evin ümumi sahəsi 86 kvadratmetrdir. Otaqlar zəruri mebel və avadanlıqla təchiz olunub.

Həmin gün rayonun Uzunqazmalar kəndində birinci qrup əlil Könül Quliyeva üçün də daxili imkanlar hesabına inşa edilən ev sahibinə təhvil verilib. Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçidlər