Zaqataladakı “Xalça evi” qədim xalçaçılıq ənənələrini təbliğ edir
Xalçaçılıq Azərbaycanda çox qədim tarixə və zəngin ənənələrə malikdir. Bu sahə bütün dövrlərdə xalqımızın həyatında, məişətində özünəməxsus yer tutub. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan xalçaçılıqda işlədilən alətlər, boyaq maddələri hələ eradan əvvəl II minillikdə bu torpaqlarda bir çox sənət növləri ilə yanaşı, xalçaçılığın da inkişaf etdiyini deməyə əsas verir.
Son dövrlər Azərbaycanda bu qədim el sənətinin inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul edilməsi, həmçinin Prezident İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında bu il mayın 5-də imzaladığı Sərəncam bu qayğıya bariz nümunədir. Təsadüfi deyil ki, Azərbaycan xalçası dünya mədəniyyətinin tərkibinə daxil edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.
“Xalça evi”ndə çalışan xalçaçı qızlar buranın öz yetirmələridir. Onlar Zaqatala Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil edilən kurslarda xalçaçılığın sirlərinə yiyələniblər. Kurs iştirakçılarına Bakıdan dəvət olunmuş peşəkar xalçaçı-rəssam təlim keçib. Kursları müvəffəqiyyətlə başa vuran 15 nəfər gəncə sertifikat da verilib.
“Xalça evi”nin böyük zalında toxucu sexi yerləşir. Buradakı toxucu dəzgahları Şəkidən gətirilib. Xalça toxunmasında istifadə edilən təbii yun iplər Bakı, Şəki və İsmayıllının xalçaçılıq müəssisələrindən alınır. Əsasən böyük ölçülü xovlu və xovsuz, həmçinin kiçik ölçülü suvenir xalçalar toxunur. İstehsal olunan toxuculuq məmulatları binanın birinci mərtəbəsindəki sərgi-satış salonunda nümayiş etdirilir. Xalçaların qiymətləri ölçülərinə görə dəyişir. Kiçik ölçülü suvenir xalçaların qiyməti 35-100 manat, böyük ölçülü xalçaların qiyməti isə 200-1000 manat arasındadır. Yerli və xarici turistlər kiçik ölçülü suvenir xalçalara daha çox maraq göstərirlər.
“Xalça evi”ndə toxunan xalçaçılıq nümunələri respublikamızda keçirilən müxtəlif sərgilərdə, o cümlədən Bakı Ekspo Mərkəzində, həmçinin Novruz bayramı münasibətilə dənizkənarı milli parkda təşkil olunan sərgilərdə nümayiş etdirilib.