Zaqataladakı 2 nömrəli tam orta məktəb istifadəyə verilmişdir Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatalada 750 şagird yerlik Nizami Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, 1952–ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olmuşdur. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Prezidentinin tapşırığına əsasən bu təhsil ocağı yenidən tikilmişdir. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır. Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılmış, iki su anbarı, transformator quraşdırılmışdır. Məktəbin binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostend vardır. Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 45 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, akt zalı, şagirdlər üçün istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Burada, həmçinin ingilis dili, internetə qoşulmuş kompyuter otaqları, müasir avadanlıqla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu da şagirdlərin bilik və bacarıqlarının daha da genişləndirilməsinə böyük imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin rus dilində aparıldığı məktəbdə ağac, metal üzərində oyma, tikiş emalatxanaları da fəaliyyət göstərir. Bu da şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, peşə sahəsində bilik və bacarıqlarını artırmalarına imkan yaradır. Bildirildi ki, məktəbin müasir qurğularla təmin edilmiş idman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait vardır.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə yeni tədris ilində uğurlar arzuladı.