Yeni layihə kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edəcək
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdikləri “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi “Tarladan süfrəyədək” prinsipinə əsaslanır və kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş son istehlakçıya çatdırılmasınadək maraqlı olan qrupları bir araya gətirərək maliyyələşdirməni təmin edəcək.
Bu barədə layihənin xidmət təminatçısı seçilən Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi tərəfindən avqustun 30-da Zaqatala rayonunda keçirilən məlumatlandırma tədbirində qeyd olunub.
Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, fermerlər və emal sahələrinin rəhbərləri iştirak ediblər.
“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin idarə və icra edilməsi barədə məlumat verən layihənin rəhbəri Arif Cahangirov bildirib ki, layihə ölkəmizdə aqrar sahədə yerinə yetirilməkdə olan Dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsinə yönəlib. Əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalında və emalında iştirak edən fermer qruplarının və müəssisələrin həm daxili, həm də xarici bazarlara maneəsiz çıxışını təmin etməkdir. Layihə Şəki-Zaqatala bölgəsi də daxil olmaqla, 5 iqtisadi rayonu əhatə edəcək.
Tədbir çərçivəsində sonra “Aqrobiznes dəyər zəncirinin inkişafına investisiya və məsləhət dəstəyi” alt-layihəsinin təqdimatı olub. Bu barədə məlumat verən dəyər zənciri üzrə mütəxəssis Küşvər Məmmədova bildirib ki, tezliklə bu bölgədə dəyər zəncirlərini formalaşdıran qruplar seçiləcək. Bu məqsədlə rəqabətədavamlı və ixracqabiliyyətli məhsulların geniş və müasir standartlara uyğun istehsalını təmin edə biləcək istehsalçılar müəyyənləşəcək və onlar dəyər zəncirində iştiraka dəvət ediləcəklər.
Layihə çərçivəsində ölkə ərazisində rəqabətədavamlı dəyər zəncirləri qurmaq məqsədi ilə ən azı 20 məhsuldar tərəfdaşlıq qrupu təşkil etmək nəzərdə tutulur.