İsrailin ölkəmizdəki səfiri Zaqatalada yerli sahibkarlarla görüşüb
İsrailin ölkəmizdəki səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 25-də Zaqatala rayonunun tarixi məkanlarını gəzib, istehsal müəssisələri ilə tanış olub.
Rayon icra hakimiyyətində keçirilən görüşdə diplomata Zaqatala rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan əvvəl israilli diplomat Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstəsi düzüb, xatirəsini ehtiramla yad edib.
Mərkəzlə tanışlıqdan sonra israilli qonaq şəhərin Dədə Qorqud meydanını gəzib, rayon tarix-diyarşünaslıq muzeyində olub.
Zaqatalaya səfəri çərçivəsində səfir Dan Stav, həmçinin çay emalı müəssisəsinə, balıqçılıq təsərrüfatına baş çəkib, tütün istehsalı və emalı müəssisəsində, fındıq emalı zavodunda və Mövləddin Qurbanəliyevin arıçılıq təsərrüfatında olub, istehsal prosesi ilə maraqlanıb, yerli sahibkarlarla söhbətləşib.