Şriftin ölçüsü :

Saytın rəngi :

“Kiyev virtuozları” Kamera Orkestri Zaqatalada

09 avqust 2016 | 16:00

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur “Kiyev virtuozları” Kamera Orkestrinin respublikamızın şimal-qərb bölgəsində səyyar konsertləri davam edir.

Festival çərçivəsində növbəti konsert avqustun 9-da Zaqatala şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilib. Konsertdə yerli musiqisevərlərlə yanaşı, şəhərin qonaqları da iştirak ediblər.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə uğurla keçən Qəbələ Musiqi Festivalının respublikamızın mədəni həyatında çox əlamətdar hadisə olduğunu vurğulayaraq, bu möhtəşəm musiqi bayramının konsertlərindən birinin qızılgüllər diyarı Zaqatalada təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

Festivalın bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert F.Əmirovun “Nizami” simfoniyasından “final” hissənin ifası ilə başlayıb. Həmçinin V.A.Motsartın “Skripka və kamera orkestri üçün 5 saylı konsert”, P.Çaykovskinin “Florensiya xatirələri”, Q.Qarayevin “7 gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar səsləndirilib.

Yerusəlim simfonik orkestrinin konsertmeysteri, tanınmış violin ifaçısı Janna Qandelman da konsertdə iştirak edib.

“Kiyev virtuozları” kamera orkestrinin növbəti konserti avqustun 10-da Qax şəhərində olacaq.

Keçidlər