Şeyxülislam Allahşükür Paşazadə: Din xadimləri öz fikirlərini xalqa çatdırmaq üçün savadlı olmalıdırlar
Müstəqil Azərbaycan bu gün öz daxili və xarici siyasəti, təbii sərvətləri ilə nəinki Qafqazın, eləcə də dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Ölkəmizdə milli mənəvi, əxlaqi dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Respublikamızın sürətli inkişafı Azərbaycan rəhbərliyinin müdrik siyasətinin bəhrəsidir.
Bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iyulun 21-də Zaqatala şəhərində dini icma rəhbərləri ilə keçirdikləri görüşdə səsləndirilib.
Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Komitəsinin və Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra icra hakimiyyətində aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Zaqatala Şəhər Cümə Məscidinə gəlib, namaz qılıb, dualar ediblər.
Daha sonra Bakı İslam Universitetinin Zaqatala filialında rayonda fəaliyyət göstərən dini icma rəhbərləri və dindarlarla görüş olub. Görüşü rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, Zaqatalada mövcud dini durum barədə məlumat verib. Bildirilib ki, rayonda hazırda 42 məscid fəaliyyət göstərir, 32 dini icma rəsmi olaraq qeydiyyatdan keçib. Vurğulanıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.
Zaqatala rayonunda bir neçə dəfə olduğunu xatırladan şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın bütün rayonları kimi, Zaqatala da sürətlə inkişaf edir. QMİ-nin sədri deyib ki, bölgəyə budəfəki səfərinin məqsədi bu rayonlarda mənəvi həyatın necə inkişaf etdiyini öz gözləri ilə görmək, din xadimlərinin insanlara necə xidmət etmələri, müqəddəs “Qurani-Kərim”i xalqa necə çatdırmaları ilə əyani tanış olmaqdır.
Sovet dövründə dini təhsil verən ali məktəblərin açılmasının necə çətin olduğunu diqqətə çatdıran QMİ-nin sədri, bu baxımdan Azərbaycanın rayonları içərisində yeganə olaraq Zaqatalada fəaliyyət göstərən Bakı İslam Universitetinin filialının çox böyük əhəmiyyət daşıdığını bildirib.
Savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayan Allahşükür Paşazadə deyib: “Sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab edirdilər. Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada olan münaqişələrin böyük hissəsi təəssüf ki, müsəlman dünyasına aiddir və bu, hər birimizi narahat edir. Komitə sədri İslam dünyasında belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bütün sahələr üzrə dövlətin siyasəti müəyyən edilib, istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın uğurları göz önündədir və bu uğurlar bölgələrin timsalında da aydın hiss olunur.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev çıxış edərək, dövlətimizin dindarlar üçün hər cür şərait yaratdığını bildirib, din adamlarına bunu layiqincə qiymətləndirmələrini tövsiyə edib.
Görüşdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadənin müvafiq əmri ilə Zaqatala-Balakən bölgə qazisi vəzifəsində çalışan İbrahim İbrahimovun Balakən rayonunun qazisi vəzifəsinə, Zaqatala rayonunun qazisi vəzifəsinə isə Malik Bilalovun təyin edildiyi bildirilib.