Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada cari ilin altı ayının yekunları müzakirə olunub

16 iyul 2016 | 16:00

Cari ilin birinci yarısında Zaqatala rayonunda 98 milyon 711 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2 dəfə, tikintidə 7 faiz, kənd təsərrüfatında 4,2 faiz, rabitədə 20,3 faiz artıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 16,8 faiz, pullu xidmətlərin həcmi isə 9,2 faiz çoxalıb. Bu müddət ərzində rayonda 997-si daimi olmaqla, 2299 yeni iş yeri açılıb.

Bu barədə iyulun 16-da Zaqatala Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Hesabat məruzəsində qeyd olunub ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqların icrasına uyğun olaraq ötən müddətdə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilib. Belə ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə fermerlərlə geniş maarifləndirmə işləri aparılıb, nəticədə 2016-cı ildə rayonda 601,5 hektar sahədə tütün əkilib. Artıq sahələrdən məhsul yığımına başlanılıb və qısa müddətdə 150 ton yaşıl tütün yarpağı yığılaraq, qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin Zaqatala tütün istehsalı və emalı məntəqəsində kameralara qoyulub.

Bildirilib ki, cari mövsümdə rayonda 1,5 ton yaş barama istehsalı nəzərdə tutulsa da, kümçülər proqnoz tapşırığına artıqlaması ilə əməl edib, 6 tondan çox barama istehsal edərək “Şəki-İpək” ASC-yə təhvil veriblər. Gələcəkdə istehsalın artırılması məqsədi ilə cari ilin payız mövsümündə rayonda 146 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, yerli iş adamları və sahibkarlara 21 layihə üzrə 162,5 min manat həcmində güzəştli kredit verilib. Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək Sosial Ticarət Mərkəzinin tikintisi üçün layihələndirmə işlərinə başlanılıb. Ərazidə tikiləcək obyektlərdə 600-700 yeni iş yerinin açılması nəzərdə tutulur.

Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon manat artaraq 40,4 milyon manat təşkil edib. Taxılçılar 9805 hektar sahədən 27 min 948 ton məhsul əldə ediblər. Bu müddət ərzində rayonda 6170 ton kartof, 2293 ton tərəvəz, 720 ton meyvə, 16,5 ton yaşıl çay yarpağı, həmçinin 4205 ton diri çəkidə ət, 18 min tondan çox süd, 9 milyon 326 min ədəd yumurta istehsal olunub.

Ekoloji məsələlər də diqqət mərkəzində saxlanılıb, 61 mindən çox ağac əkilib, 40,5 hektar sahədə mədəni meşə əkini aparılıb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 5 milyon 916 min manat dəyərində tikinti, təmir və abadlıq işləri görülüb. 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bundan əlavə, rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 21 fərdi evdən 13-nün tikintisi başa çatdırılıb və sakinlərin istifadəsinə verilib, qalan 8 evin tikintisi davam etdirilir.

Yığıncaqda, həmçinin cari ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər