Zaqatala tütün qəbulu məntəqəsinə 90 ton yaş tütün daxil olub
12 iyul 2016 | 16:00
“Inter-Tobacco” MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi indiyədək fermerlərdən 90 ton yaş tütün qəbul edib.
Məntəqəyə Zaqatala rayonunun təsərrüfatlarından 90 ton yaş tütün daxil olub. Qəbul edilən yaş tütün qurudulmaq üçün burada quraşdırılmış kameralara qoyulur. Məntəqədə indiyədək 7 ton quru tütün istehsal olunub və preslənərək anbarlara yığılıb. Hazırda məntəqədə 56 ədəd tütünqurutma kamerası var. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edir. Tütünün qurudulması prosesi 6-7 gün çəkir.
Xatırladaq ki, yaş tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün isə 15 qəpik müəyyən edilib.