Akademik Milli Dram Teatrının kollektivi Zaqatalada qastrol səfərdədir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yarıdıcı kollektivi qastrol səfər çərçivəsində Zaqatala rayonunda maraqlı tamaşa ilə çıxış edib.
Yaradıcı heyət Zaqatala rayon Mədəniyyət Evində “Qürbətdən gələn məktublar” tamaşasını nümayiş etdirib.
Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova və Elçin Əfəndi ifa edib.
Tamaşa ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub.
Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə Xalq Artisti Əliabbas Qədirov canlandırıb.
Qeyd edək ki, qastrol səfərlərinin təşkilində məqsəd Akademik Milli Dram Teatrı ilə bölgələrdə yaşayan tamaşaçıların əlaqələrinin daimiliyini təmin etmək, teatrın tamaşalarının bölgələrdə nümayişinə nail olmaq və regionlarda yaşayan əhalinin asudə vaxtlarını səmərəli keçirmələrinə yardımçı olmaqdan ibarətdir.