Zaqatalada mülki müdafiə təlimlərinə rayonun hərbiləşdirilmiş dəstələrinin 286 nəfər şəxsi heyəti cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki müdafiə işinin təşkili Baş İdarəsinin 2016-cı il üçün hazırlıq planına müvafiq olaraq, Zaqatala rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks yoxlama və təlim keçirilib.
Təlimə Zaqatala Rayon İcra Hakimiyyətinin aparatı, rayon fövqəladə hallar komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, həmçinin təsərrüfat obyektləri cəlb olunub.
Kompleks təlimin keçirilməsində məqsəd aidiyyəti qurumların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərər çəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetiriblər.
Kompleks təlimdə rayonun hərbiləşdirilmiş dəstələrinin 286 nəfər şəxsi heyəti və 35 texnikası iştirak edib.