Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədədir
Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır.
Bu fikir “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tolerantlıq və islamafobiya” adlı layihə çərçivəsində Zaqatalada təşkil edilən tədbirdə səsləndirilib.
Ziyalıların, rayonda fəaliyyət göstərən dini icma nümayəndələrinin, universitet və kollec tələbələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin məsul əməkdaşı İlqar Vəliyev açaraq, bu mövzuda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini önə çəkib.
İctimai Birliyin sədri Elçin Manafov qurumun fəaliyyəti və həyata keçirilən yeni layihə barədə ətraflı məlumat verib. Vurğulanıb ki, bu gün bir çox Avropa ölkələri tolerantlıqdan imtina etdiyi halda, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədədir və bu dəyərlər dünya ictimaiyyəti tərəfindən nümunə olaraq qarşılanır. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bunun bariz nümunəsidir.
Sonra ilahiyyatçı ekspert Müşfiq Nəcəfovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə tolerantlıq, islamafobiya, ksenofobiya və digər məsələlərdən ətraflı bəhs edilib.