Zaqatalada bu günədək 4 tondan çox yaş barama tədarük edilib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızın ayrı-ayrı regionlarında kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir. Hazırda respublikanın 23 rayonunda, o cümlədən Zaqatalada istehsalçılardan barama tədarükü mütəşəkkil davam etdirilir.
Bu il barama yetişdirilməsi ilə əlaqədar “Şəki-İpək” ASC tərəfindən 67 kümçü ilə müqavilə bağlanılıb və onlara 95 qutu, yəni 1 kiloqram 810 qram ipəkqurdu paylanılıb. Barama tədarükünə iyunun əvvəllərində başlanılıb. Bu günədək istehsalçılardan 4 ton 86 kiloqram yaş barama qəbul edilib. Fermerlərə yetişdirdikləri yaş baramanın hər kiloqramı üçün cəmiyyətin nümayəndələri tərəfindən yerindəcə 8 manat ödənilir.
Məhsulun satış qiymətinin 3 manatdan 8 manata qaldırılması zaqatalalı fermerlərin də ürəyincədir. Onlar növbəti illərdə baramaçılıq sahəsinə daha çox diqqət ayırmağı düşünürlər.