Tezliklə Zaqatalada əlil və şəhid ailələri üçün daha 6 fərdi evin tikintisinə başlanılacaq
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası çərçivəsində, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə 2016-cı ilin ötən dövründə respublikamızda 193 nəfər mənzil və fərdi evlə təmin edilib. O cümlədən, Zaqatala rayonunda bu təbəqədən olan insanlar üçün inşa edilən 21 fərdi evdən 13-nün tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda rayonda 8 fərdi evin tikintisi davam etdirilir. Yaxın günlərdə daha 6 evin tikintisinə başlanılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Vüqar Behbudov Zaqatalada jurnalistlərə müsahibəsində məlumat verib.
Qurumun rəsmisinin bildirdiyinə görə, hazırda respublikamızın bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni fərdi evlər inşa edilir. Tikintisi başa çatan fərdi evlərin vətəndaşların istifadəsinə verilməsi prosesi ilin sonunadək davam etdiriləcək.