Milli azlıqlar arasında azərbaycançılıq məfkurəsi təbliğ edilir
“Yeni fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Qax, Zaqatala və Balakən rayonlarında “Milli mənəvi dəyərlərin, azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasının milli azlıqlar arasında təbliğinə dəstək” layihəsini həyata keçirir.
Layihənin məqsədi və qarşıya qoyulan hədəflər barədə məlumat verən İctimai Birliyin sədri, layihənin rəhbəri Elmira Mehdiyeva bildirib ki, şimal-qərb bölgəsində yaşayan əhalinin xeyli hissəsini milli azlıqlar təşkil edir. Avar, ingiloy, saxur, gürcü və digər millətlərin nümayəndələri bölgə rayonlarında toplum halında yaşayırlar. Onlar Azərbaycan vətəndaşlarıdır və ölkəmizdə rahat yaşamaları, öz mədəniyyətlərini dirçəltmək və dillərini inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb.
İctimai Birliyin sədri deyib ki, layihənin əsas məqsədi xalqımıza xas olan milli mənəvi dəyərlərin, həmçinin azərbaycançılıq məfkurəsinin bölgədə yaşayan milli azlıqlar arasında geniş təbliğinə nail olmaqdır. “Azərbaycan bu milli azlıqların da Vətənidir. Azərbaycanı doğma vətən kimi sevmək üçün, ilk növbədə, azərbaycançılıq məfkurəsinə yiyələnmək vacibdir. Bütün bunların fövqündə isə Vətənə sevgi, məhəbbət, dövlət rəmzlərinə hörmət, Azərbaycan dilini səlis bilmək, milli dəyərləri, sərvətləri tanımaq və onları qorumaq kimi mənəvi keyfiyyətlər dayanır”,- deyə layihə rəhbəri bildirib.
Layihə çərçivəsində artıq Zaqatala rayonunun Mazıx, Suvagil, Qax rayonunun Qum, Balakən rayonunun Katex, İtitala kəndlərində “dəyirmi masa”lar keçirilib, gənclərin Qaxın İlisu kəndində yerləşən “Sumuq qala” tarixi abidəsinə ekskursiyası təşkil olunub. Yaxın günlərdə Balakən rayonunun Talalar kəndində və Zaqatalanın Əskibazar ərazisində yerləşən qədim alban abidələrinə səfərlər də nəzərdə tutulur.
Elmira Mehdiyeva qeyd edib ki, layihə sayəsində milli azlıqların nümayəndələri yaşadıqları bölgənin tarixi, qədim abidələri barədə geniş məlumatlar əldə edir, onlarda Vətən sevgisi, vətəndaşlıq hisləri güclənir, azərbaycançılıq ideologiyası barədə daha geniş məlumata malik olurlar.
Layihə çərçivəsində tədbirlər avqustun 6-dək davam edəcək.