Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biridir

01 iyun 2016 | 16:00

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyunun 1-də Zaqatala və Şəki şəhərlərində keçirilən ictimai dinləmələrin əsas müzakirə mövzusu olub.

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl insan hüquqları üzrə müvəkkil və rayon rəhbərliyi Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatalada insan hüquqlarının təmini ilə bağlı görülən işlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönələn tədbirlər, son illər rayonda aparılan tikinti-quruculuq işləri barədə məlumat verib. İcra hakimiyyətinin başçısı insan hüquqları üzrə müvəkkil tərəfindən yerlərdə keçirilən ictimai dinləmələrin, maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ölkəmizdə insan hüquqlarının qorunmasını dövlətin əsas prinsiplərindən biri kimi dəyərləndirildiyini bildirib. Müvəkkil son illər Zaqatalada əhalinin sosial problemlərinin həlli, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası, insan hüquqlarının təmin edilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb.

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının ümummilli lider Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan müvəkkil məhz Ulu Öndərin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk proqramın – “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bu sahədə xüsusi əhəmiyyət kəsb edir.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

X X X

Həmin gün insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə növbəti ictimai dinləmə Şəki şəhərində keçirilib.

Tədbirdən əvvəl Ombudsman və şəhər rəhbərliyi ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

“Şəki Palas” otelinin konfrans zalında keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, rayonda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.

Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Elmira Süleymanova ölkəmizdə Ombudsman institutunun təsis edilməsi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, Milli Fəaliyyət Proqramının məqsəd və vəzifələri, insan hüquqları üzrə müvəkkilin bu sahədəki fəaliyyəti barədə geniş məlumat verib.

Məruzə ətrafında çıxışlardan sonra insan hüquqları üzrə müvəkkil tədbir iştirakçılarının suallarını cavablandırıb.

Keçidlər