Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

13 avqust 2012 | 15:00

Avqustun 12-də Beynəlxalq Gənclər Günü münasibətilə Zaqatala şəhərində “Gəncliyimizə dəstək” adlı bayram tədbiri keçirilmişdir. XIX əsrə aid tarixi-memarlıq abidəsi “Zaqatala qalası” kompleksinin ərazisində rayon icra hakimiyyəti, Azərbaycan Beynəlxalq Bankı, habelə “General Construction”, “Bakfem”, “İnter Tobacco” və digər şirkətlərin təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, ictimaiyyətin nümayəndələri, qonaqlar iştirak etmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 12 avqust - Beynəlxalq Gənclər Günü 1998-ci ildən dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda qeyd olunur. Respublikamızda dövlət gənclər siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışmışdır. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
Qeyd olunmuşdur ki, ümummilli liderimizin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni mərhələdə bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə işin düzgün qurulmasının nəticəsidir ki, bu gün Azərbaycan gənci dövlətçilik ənənələrini daim uca tutur. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilmişdir. Azərbaycan gəncləri beynəlxalq aləmə inteqrasiya işində də fəaldırlar və beynəlxalq gənclər hərəkatlarına qoşulur, bu işə layiqli töhfələr verirlər. Bayram tədbiri respublikanın tanınmış incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etmişdir.
Tədbir bayram atəşfəşanlığı ilə başa çatmışdır.
 

Keçidlər