Şriftin ölçüsü :

Saytın rəngi :

Dağıstanın teatr və rəqs kollektivləri zaqatalalıların qonağı olub

12 may 2016 | 16:00

Mayın 12-də Bakı şəhərində başlanacaq Azərbaycanda Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Rusiya Federasiyasının Dağıstan Respublikasından gəlmiş nümayəndə heyəti, qonşu respublikanın Həmzət Sadasa adına Avar Musiqili Dram Teatrı və Dağıstan Dövlət Rəqs Ansamblı mayın 11-də axşam Zaqatala rayonunda olublar. Nümayəndə heyətinə Dağıstan Respublikası baş nazirinin müavini Ramazan Əliyev rəhbərlik edir.

Zaqatala Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədov və Avar Musiqili Dram Teatrının direktoru Maqomedrasul Maqomedrasulov çıxış edərək, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün sahələrdə uğurla inkişaf edən əlaqələrdən danışıblar. Qonaqlara Zaqatala rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsi mədəni sahədə əməkdaşlığın inkişafına, xalqların bir-birinə daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Zaqatalanın bir qrup mədəniyyət işçisinə Dağıstan Respublikası adından fəxri fərmanlar təqdim olunub.

Sonra Avar Musiqili Dram Teatrının üzvləri və rəqs kollektivi zaqatalalılar qarşısında teatrlaşdırılmış konsert proqramı ilə çıxış ediblər. Teatr kollektivinin təqdim etdiyi səhnəciklər, rəqqasların məharətli çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər