Zaqatalalılar ulu öndər Heydər Əliyevin xatirəsini daim uca tuturlar
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən ümummilli lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
Bu fikirlər Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 10-da Zaqatalada keçirilən “Dünya siyasətinin Heydər Əliyev zirvəsi” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə dahi rəhbərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın əvvəlində Ulu Öndərə həsr olunan film nümayiş etdirilib.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev müstəqil Azərbaycanın xoşbəxt gələcəyi üçün misilsiz işlər görüb. Ulu Öndərin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Konfransda çıxış edənlər dahi rəhbərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Həmin gün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində gül və ağacəkmə aksiyaları keçirilib. Aksiya zamanı şəhərin park və xiyabanlarında, prospekt və küçələrin kənarında 1820 ədəd qızılgül kolu, 4170 ədəd müxtəlif növdə gül, çiçək və bəzək kolları əkilib. Bundan əlavə, aksiya çərçivəsində bir hektara yaxın ərazidə müxtəlif ağac növləri, o cümlədən 420 ədəd akasiya, 130 ədəd katalpa, 130 ədəd sərv, 110 ədəd qoz, 60 ədəd palıd ağacı əkilib.