Müharibə veteranlarının şərəfli ömür yolu gənclərə əsl nümunədir
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü Zaqatalada silsilə tədbirlərlə qeyd olunub.
Rayon rəhbərliyi və müharibə veteranları əvvəlcə 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül-çiçək düzüb, igid həmvətənlərimizin, o cümlədən zaqatalalı döyüşçülərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gəlib, Ulu Öndərin burada ucaldılmış abidəsi özünə gül dəstələri düzüb, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
Mərkəzin kafesində çay süfrəsi ətrafında davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müharibə iştirakçılarını faşizm üzərində Qələbənin ildönümü münasibətilə təbrik edib, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Diqqətə çatdırılıb ki, 1941-1945-ci illər müharibəsində iştirak edən 6200 zaqatalalı döyüşçünün yarıdan çoxu cəbhədən geri qayıtmayıb.
Vurğulanıb ki, hər yerdə olduğu kimi, Zaqatala rayonunda da müharibə veteranları yüksək diqqət və qayğı ilə əhatə olunublar. Hazırda rayonda 6 nəfər 1941-1945-ci illər müharibəsinin iştirakçısı, həmçinin 154 nəfər arxa cəbhə iştirakçısı yaşayır. Onların qəhrəmanlıqlarla dolu şərəfli ömür yolu zaqatalalı gənclərə əsl nümunədir.
Sonra rayon icra hakimiyyəti tərəfindən veteranlara maddi yardım göstərilib.
Tədbir iştirakçıları daha sonra Mərkəzin kino zalında İkinci Dünya müharibəsinin dəhşətlərini özündə əks etdirən sənədli filmə baxıblar.