Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlər üçün istifadəyə verilmiş daha bir qəsəbəyə köçürülmə başlanıb

30 aprel 2016 | 16:00

Zaqatala rayonu ərazisində 135 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksi sakinlərini qəbul edir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurların, sosial sferada həyata keçirilən ardıcıl siyasətin müsbət nəticələri ölkə vətəndaşlarının, o cümlədən qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həllinə yönələn tədbirlərin də uğurla reallaşmasına imkan yaradıb. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən bu təbəqədən olan soydaşlarımızın sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, həmin sahədə təsirli tədbirlərin görülməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Prezidenti daim bəyan edib ki, bizim sosial və siyasi problemlərimizdən biri Ermənistanın təcavüzündən və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Məhz buna görə də dövlətimizin başçısı bu soydaşlarımızın doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini önə çəkərək daim ölkənin iqtisadi imkanlarından bu məqsədlə maksimum istifadə olunacağını bildirib.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olduğundan əvvəlki illərdəki kimi cari ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub ki, hazırda bu sahədə də işlər uğurla davam etdirilməkdədir. Dünyada neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində yaranmış iqtisadi böhranın qarşıya çıxardığı çətinliklərə baxmayaraq, bu il də məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondunda kifayət qədər vəsait nəzərdə tutulub, bu istiqamətdə böyük işlər görülüb. Nəinki ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən və dünyada sözügedən problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən bu tədbirlər özlüyündə bir daha bu təbəqədən olan soydaşlarımızın Azərbaycan dövlətinin və şəxsən dövlətimizin başçısı İlham Əliyevin gündəlik qayğısı ilə əhatə olunduğunu göstərir.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bu cür kompleks tədbirlər dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, həmin proqrama edilmiş əlavələrin müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Ötən illərdə bu sahədə görülən tədbirlər nəticəsində həmin Dövlət Proqramında və ona edilmiş əlavələrdə nəzərdə tutulmuş tədbirlər, digər normativ aktlar, demək olar, vaxtında icra edilmiş və indi də həmin tədbirlərin icrası uğurla davam etdirilməkdədir.

Bunun bariz nümunəsi kimi, qeyd edək ki, dövlət başçısının yuxarıda adıçəkilən Dövlət Proqramına edilmiş əlavələrin müvafiq bəndinə uyğun olaraq Zaqatala rayonunun ərazisində müvəqqəti məskunlaşan 135 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni yaşayış məhəlləsində işlər tam başa çatdırıldığından bu günlərdə həmin ərazilərdə məskunlaşmış məcburi köçkün ailələrinin yeni və müasir tipli yaşayış kompleksinə köçürülməsinə başlanılıb.

Rayonun Aşağı Tala kəndinin ərazisində tikilən yeni yaşayış kompleksinə hər biri 45 mənzildən ibarət beşmərtəbəli 3 yaşayış binası, həmçinin 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb mərkəzi, poçt binası, klub-icma mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir. Layihəyə əsasən, ərazidəki 135 ailəlik yaşayış kompleksində 10 birotaqlı, 65 ikiotaqlı, 60 üçotaqlı, 10 dördotaqlı mənzillər vardır ki, bunlar da köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin say tərkibinə uyğun olaraq inşa edilib.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı, istilik şəbəkəsi, kanalizasiya sistemi ilə bağlı da hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin 50 yerlik uşaq bağçası bütün zəruri inventar və avadanlıqla təchiz olunub. Hər birinin 200 kubmetr tutumu olan iki su anbarı yaşayış kompleksinin fasiləsiz su ilə təchiz olunmasına hərtərəfli imkan yaradır. Yaşayış kompleksinin ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Hazırda Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən müvafiq komissiyanın iştirakı ilə buraya köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin yeni qəsəbədə məskunlaşdırılması davam etdirilməkdədir. Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını vurğulayırlar.

Bütün bunlara rəğmən onu da qeyd edək ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə buna görədir ki, həmişə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını önə çəkən Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin də sosial-məişət problemlərinin həlli istiqamətində Ulu Öndərin yolu ilə gedildiyini, onun tövsiyələrinin yerinə yetirildiyini və doğma ev-eşiyindən didərgin salınmış soydaşlarımız üçün müasir binalar tikildiyini, on minlərlə məcburi köçkünün münasib şəraitlə təmin olunduğunu diqqətə çatdıraraq bu sahədə işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

29 aprel, AZƏRTAC

Keçidlər