Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi anılıb

29 aprel 2016 | 16:00

Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq alim Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsil həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Bu fikirlər görkəmli alimin anadan olmasının 93-cü ildönümü münasibətilə Zaqatala şəhərindəki Zərifə Əliyeva adına liseydə keçirilən “Nurlu gözlərin xeyirxah işığı” mövzusunda elmi-praktiki konfransda səsləndirilib.

Tədbirə dəvət olunan qonaqlar əvvəlcə foyedə lisey şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.

Rayonun ziyalı qadınlarının, təhsil və tibb işçilərinin iştirakı ilə keçirilən tədbirdə görkəmli oftalmoloq alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Zərifə Əliyeva yüksək mənəviyyatı, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. O, insanlara daim nur bəxş edib, gözlərə işıq verib.

Vurğulanıb ki, Zərifə Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən dəyərli alim və ictimai xadimin simasında bütöv bir dövrün, zamanın obrazı canlanır.

Tədbirdə, həmçinin “Tibb sahəsinin Zərifə işığı”, “İdeal ailə”, “Bu ada layiq olaq” mövzularında çıxışlar dinlənilib. Bildirilib ki, Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də qayğıkeş və sədaqətli ömür-gün yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.

Keçidlər