Çernobıl faciəsindən 30 il ötür...
XX əsrin ən böyük radiasiya fəlakəti olan Çernobıl qəzasından 30 il ötür. 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda baş vermiş qəza böyük bir ərazini xarabazara çevirib, yüzlərlə insanın həyatına son qoyub, yüz minlərlə adam radioaktiv şüalanmaya məruz qalıb, sağlamlığını itirib, ömürlük əlil olub. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı iştirak edib. Ötən müddət ərzində onlardan 2 mini müxtəlif xəstəliklərdən dünyasını dəyişib.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş zaqatalalılar və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Çernobıl qəzası qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 30 il əvvəl Çernobıl AES-də baş vermiş qəzanın dünyanın ən böyük nüvə fəlakətlərindən biri olduğunu vurğulayıb, qəzanın dəhşətli nəticələri barədə danışıb. Bildirilib ki, qəzanın nəticələrinin aradan qaldırılmasında Zaqatala rayonundan da 58 gənc iştirak edib. Onlardan 12 nəfəri artıq dünyasını dəyişib.
Diqqətə çatdırılıb ki, həmin illərdə keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri olan Heydər Əliyev dəfələrlə fəlakət zonasına gedib, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Vurğulanıb ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və müdafisəsi haqqında” Qanun qəbul olunub.
Çernobıl qəzasının ləğvinin iştirakçısı olmuş Rəfail Rəşidov onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Həmin gün 46 nəfər Çernobıl əlilinə ərzaq yardımı göstərilib.