Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümü Zaqatalada silsilə tədbirlərlə geniş qeyd olunmuşdur

15 iyul 2012 | 15:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümü Zaqatala rayonunda silsilə tədbirlərlə geniş qeyd olunmuşdur. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndərin adını daşıyan parka gələrək dahi rəhbərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları parkda, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş “Şərqin parlaq tarixi” adlı kitab və rəsm sərgisinə baxmış, məktəblilərin ulu öndərə həsr etdikləri şeirləri dinləmişlər. “Qurtuluşdan quruculuğa aparan yol”, “Heydər Əliyev və azərbaycançılıq”, “Müstəqilliyimizin təminatçısı”, “Heydər Əliyev və neft strategiyası” və digər mövzularda sərgilər tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Heydər Əliyev Mərkəzinin rayon təhsil şöbəsi ilə birgə keçirdiyi “Əbədi parlayan günəş” mövzusunda şeir və mahnı müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur. Mərkəzdə keçirilən “Ömrün Heydər zirvəsi” mövzusunda elmi-praktiki konfrans ulu öndərə həsr edilmiş sənədli filmin nümayişi ilə başlanmışdır. Konfransda çıxış edənlər 43 il əvvəl-1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin tarixində yeni mərhələnin başlandığını bildirmiş, ulu öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmişlər. Dahi rəhbərin dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, respublikamızın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır. Konfransın sonunda məktəblilərin ifasında ulu öndərə həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir.
 

Keçidlər