Zaqatalada birinci rübün nəticələri geniş təhlil olunub
Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, 2016-cı ilin birinci rübündə Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafına nail olunub, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib.
Sənayedə məhsul istehsalı 100 faiz artıb
2016-cı ilin birinci rübünün yekunları ilə bağlı aprelin 15-də Zaqatala Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Hesabat məruzəsində bildirilib ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artaraq 45,7 milyon manat təşkil edib. Məhsul istehsalı sənayedə 100 faiz, tikintidə 54,5 faiz, kənd təsərrüfatında 1,1 faiz, rabitədə 20 faiz, ticarət sahəsində isə 14 faiz artıb. Müddət ərzində pərakəndə əmtəə dövriyyəsinin həcmi 14,4 faiz, pullu xidmətlərin həcmi isə 8,1 faiz çoxalıb. İlin birinci rübündə rayonda 443-ü daimi olmaqla, 485 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən də zəruri tədbirlər həyata keçirilir.
“Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzində
600-700 yeni iş yeri yaradılacaq
İcra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzinin – sənaye məhəlləsinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılıb. Layihəyə əsasən, burada regional ticarət mərkəzinin, kənd təsərrüfatı bazarının, çörək zavodunun, dəyirman, tikiş fabriki və mebel salonunun, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, mövsümi məhsulların saxlanması üçün anbar və soyuducu kameraların, beton məmulatları zavodunun, tikinti materiallarının regional satış bazasının, həmçinin çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu obyektlərdə, ümumilikdə, 600-700 yeni iş yeri yaradılacaq.
Məruzədə birinci rübdə aqrar sahədə görülən işlər ətraflı təhlil olunub. Bildirilib ki, hesabat dövründə rayonda 11 milyon 19 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 12 min 221 hektar sahəyə aqrotexniki xidmət göstərilib, eyni zamanda, 8 min 443 hektar sahədə yazlıq bitkilər əkilib. Fermer təsərrüfatlarına güzəştli qaydada 613,6 ton mineral gübrələr satılıb.
Cari ildə rayonda 600 hektar sahədə tütün əkiləcək
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı Zaqatala rayonunda da zəruri işlər görülür. Tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə yerlərdə görüşlər keçirilib, bu sahələrin rentabelliliyi barədə fermerlərlə söhbətlər aparılıb, tövsiyələr verilib. 2016-cı ildə rayonda 600 hektar sahədə tütün əkilməsi, eyni zamanda, il ərzində 1,5 ton barama istehsal edilərək, gələcəkdə barama istehsalının daha da artırılması nəzərdə tutulub.
Zaqatala şəhərində 12 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb
Bildirilib ki, 2016-cı ilin birinci rübündə rayonda bütün maliyyə mənbələri hesabına 3,9 milyon manatlıq tikinti, təmir və abadlıq işləri görülüb. Üç ayda rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi davam etdirilib. Məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan 135 mənzildən ibarət yeni yaşayış məhəlləsinin tikintisində hazırda son tamamlama işləri görülür. Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Zaqatala şəhərində 12 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb.
Yığıncaqda, həmçinin birinci rübdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub.