Zaqatalalı qadınlara maliyyə savadlılığının əsasları barədə zəruri biliklər verilir
Ailə büdcəsi və onun xüsusiyyətləri, ailənin balans hesabatı, qənaət etmənin yolları və digər məsələlər aprelin 19-da Zaqatalada başlanan “Gələcəyini planlaşdır” mövzusunda təlimlərin əsas müzakirə mövzusu olub.
“Azərbaycan Mikromaliyyə Assosiasiyası” İctimai Birliyi (AMFA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük təlimlərdə 30 nəfər qadın iştirak edir.
Assosiasiya tərəfindən həyata keçirilən “Azərbaycanın regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarlığının inkişafı” layihəsi çərçivəsində reallaşan təlimin əsas məqsədi iştirakçılara maliyyə savadlılığının əsasları barədə zəruri biliklər verilməsidir.
Təlimin birinci günü keçirilən sessiyalarda “Pulun hərəkəti, gəlir və xərclərin təhlili, mövsümlülüyün idarə edilməsi”, “Həyatda baş verən hadisələr, maliyyə məqsədləri və planlaşdırmanın faydası”, “Yığım metodları və bacarıqları”, “Təcili hadisələr üçün xərclər və ehtiyat fondu” mövzuları ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Təlimin ikinci günü, aprelin 20-də dinləyicilər yığım metodları, kredit üzrə xərclər, düşünülmüş kredit və digər məsələlər barədə məlumat əldə edəcəklər.