Şəhidimiz son mənzilə yola salınıb
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı şəhid olan Bayramov Sərxan Oqtay oğlu aprelin 11-də doğulub boya-başa çatdığı Zaqatala şəhərində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları və gənclər, şəhidin doğmaları iştirak ediblər.
Dəfn mərasimində çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, tezliklə düşməndən qisas alınacağını bildiriblər.
Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər qoyulub. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.
Dəfn mərasimində iştirak edən minlərlə insan “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.