15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
14 iyun 2012-ci il tarixdə Zaqatala rayonunda 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər parkına gələrək ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev mərkəzində 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş “Böyük Qayıdışdan Milli Qurtuluşa” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. Natiq dünya şöhrətli siyasi xadimin vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırmış, həmçinin ulu öndərimizin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır. Natiq ümummilli liderimizin siyasi xəttinin bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını irəli sürərək sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər.
Konfrans ulu öndərə həsr olunmuş filmlin nümayişi ilə yekunlaşdı.
Konfransdan sonra tədbir iştirakçıları yeni inşa edilmiş Rayon Baytarlıq idarəsinin aşılışında iştirak etmişlər. İdarənin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra rayon rəhbəri, Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova və tədbir iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuş və idarənin kollektivinə işlərində müvəffəqiyyətlər arzulamışlar.
Sonra zəlzələdən daha çox zərər çəkmiş Gözbarax kənd sakini, şəhid atası Əhmədov Mahmud Əli oğlunun həyətyanı sahəsinin yolətrafı divarının tikintisi üçün iməcilik təşkil olunmuşdur.
Elə həmin gün axşam Heydər parkında incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilmişdir.