Zaqatalanın ucqar kəndlərində uşaq bağçası və tibb məntəqəsi istifadəyə verilib
Novruz bayramı ərəfəsində Zaqatala rayonunun ucqar yaşayış məntəqələrindən olan Fındıqlı və Kəpənəkçi kəndlərinin sakinləri dəyərli bayram hədiyyəsi alıblar.
Martın 17-də bu kəndlərdə uşaq bağçası və tibb məntəqəsi əsaslı təmirdən sonra yenidən sakinlərin istifadəsinə verilib. Açılış mərasimlərində rayon rəhbərliyi, kənd sakinləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Fındıqlı kəndində körpələr evi-uşaq bağçasının açılışı münasibətilə keçirilən mərasimdə çıxış edənlər son illər ölkəmizdə, eləcə də Zaqatala rayonunda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.
Kənd sakinləri çıxış edərək, əlamətdar bayram ərəfəsində belə dəyərli hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 35 yerlik uşaq bağçasında iki qrup fəaliyyət göstərir. Bağçada əsaslı təmir işlərinə ötən ilin sentyabrında başlanılıb. Təmir işləri yerli büdcə vəsaiti hesabına həyata keçirilib. Bütün otaqlar zəruri inventar və avadanlıqla, həmçinin yumşaq yataq dəsti, otaq və mətbəx mebelləri ilə təchiz olunub.
Daha sonra rayon rəhbərliyi Kəpənəkçi kəndində Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində əsaslı təmir olunan tibb məntəqəsinin açılış mərasimində iştirak edib.