Zaqatalada baharın gəlişini böyük coşqu ilə qeyd edildi
Milli ruhumuzu və yaddaşımızı özündə əks etdirən ümumxalq bayramı Novruz Zaqatala rayonunda da böyük sevgi və ruh yüksəkliyi ilə qeyd olunub.
Bayram münasibətilə martın 21-də Zaqatala şəhərindəki XIX əsrə aid tarixi memarlıq abidəsi olan “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumxalq şənliyi keçirilib. Bayram tədbirində minlərlə zaqatalalı və şəhərin qonaqları iştirak ediblər.
Dədə Qorqudun tədbir iştirakçılarına Novruz təbrikindən sonra meydanda qurulan bayram tonqalı alovlandırılıb.
Sonra rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, kəndirbazların, pəhləvanların çıxışlarını izləyib, ayrı-ayrı kəndlərin milli mətbəx və folklor nümunələri ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə zaqatalalıları xalqımızın qədim el bayramı olan Novruz münasibətilə təbrik edib, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulayıb. Bildirilib ki, Novruz bayramının əsl el şənliyi kimi dövlət səviyyəsində qeyd olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərir. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində artıq Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Əllərində Novruz xonçaları tutmuş milli geyimli oğlan və qızlar şənlik iştirakçılarına bayram sovqatı paylayıblar. Kosa və Keçəlin məzəli oyunları, dadlı-duzlu zarafatları iştirakçılarda xoş ovqat yaradıb.
Bayram tədbirində rayonun bədii-özfaliyyət kollektivləri, həmçinin respublikamızın tanınmış incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış ediblər.