Zaqatalada qısa müddətdə 5 mindən çox sakin tibbi müayinədən keçib
Azərbaycan Prezidentinin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əhalinin tibbi müayinəsinə başlanılıb. Fevralın 15-dən başlanan aksiya çərçivəsində bu günədək 5 min 264 nəfər sakin müayinə olunub.
Zaqatala rayonu üzrə 18 yaşdan yuxarı 75 min 611 nəfər sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində qərargah yaradılıb, cədvəl tərtib olunub.
Müayinələr rayonun 5 tibb müəssisəsində - rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd sahə xəstəxanalarında keçirilir. Bundan əlavə, səyyar həkim briqadası da təşkil edilib. Müayinələrə yüksək ixtisaslı həkim və orta tibb işçiləri cəlb olunublar.